Xarıbülbül Musiqi Festivalı (2021)
Xarıbülbül Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir. Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdir.
2022-ci il may ayının 12–14 də Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı baş tutub.