Əhməd Ümid Yəzdani
Əhməd Ümid Yəzdani — azərbaycanlı sosioloq, tarixçi, dilçi alim. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədri və Almanca-Azərbaycan türkcəsində iki cildlik lüğətin müəllifi.
Əhməd Ümid Yəzdani 1947-ci ilin sentyabr ayının 3-də Təbriz şəhərinin Əmirəqız məhəlləsində anadan olmuşdur. İbtidai məktəb və gimnaziyanı Təbriz şəhərində bitirəndən sonra, 18 ay Bocnurd şəhərinin kəndlərində müəllimliklə məşğul olmuşdur. 1969-ci ilin sonunda ali təhsil almaq üçün Almaniyaya getmişdir. Haydelberq, Mainz, Triyer və Berlin şəhərlərində yaşamışdır. Mainz şəhərində universitetə giriş imtahanı qazanandan sonra burada iqtisadiyyat bölməsində təhsil alır. 1972-ci ildə Triyer Universitetində siyasi elmlər, sosiologiya və istisadiyyat sahələrində təhsilini davam etdirir. 1979-cu ildə magistr dərəcəsini alandan sonra Azad Berlin Universitetində doktorantura üzrə təhsilini davam etdirir. 1984-ci ildən Sosial-Pedaqoji İnstitutda və sonralar Əcnəbi ailələrin və gənclərin peşə və sosial inteqrasiya məsələləri təşkilatında layihə rəhbəri olmuşdur.