Yəzidiyyə
Şamaxı — Azərbaycan Respublikasında şəhər, Şamaxı rayonunun mərkəzi.
Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir.
S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir.