Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumu
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.
== Tarixi ==
1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A. N. Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.