Verner Zombart
Zombart (Sombart) Verner (19 yanvar 1863[…] – 18 may 1941[…], Berlin, Üçüncü Reyx) — alman iqtisadçısı, sosioloq və tarixçi.
Breslav və Berlin Universitetlərinin professoru Şmollerin şagirdi olub, bir çox fikirlərində siyasi iqtisadın tarix məktəbinin tərəfdarı idi. Lakin Zombart iqtisad elmində tarixi və abstrakt tədqiqat metodlarını birləşdirməyə cəhd edərək, tarix məktəbindən qabağa getmişdir. Və o, buna nail olmuşdur.
Zombartın mühüm əsəri "Müasir kapitalizm"dir, birinci nəşri 1903-cü ildə olmuşdur. Sonralar bu əsər dəfələrlə nəşr olunmuş, yeni nəşrin son cildləri 1928-ci ildə buraxılmışdır.
Zombart bu əsərdə kapitalizm tarixini erkən kapitalizm (XYIII əsrin ikinci yarısında sənaye inqilabına qədər), inkişaf etmiş kapitalizm (birinci dünya müharibəsinə qədər) və gecikmiş kapitalizm kimi inkişaf mərhələlərinə ayıraraq bütövlüklə təhlil etmişdir.
Zombart kapitalizmin iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirərək, "sosial plüralizm" nəzəriyyəsini irəli sürmüşdür. Təsərrüfat formalarının inkişaf tarixindən Zombart belə bir nəticəyə gəlir ki, cəmiyyət inkişaf etdikcə təsərrüfat formaları da artır, belə ki, köhnə formalar itmir, əksinə, yenilərilə yanaşı fəaliyyətlərini davam etdirirlər. Məsələn, orta əsrlərdə Avropada həm kəndli təsərrüfatı, həm biyar – mülkədar təsərrüfatı, həm də şəhər sənətkarlığı paralel mövcud olmuşdur.