Zərnigar Ağakişiyeva
Zərnigar Fəti qızı Ağakişiyeva (6 noyabr 1945 – 8 fevral 2018) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Şöhrət ordeni mükafatçısı, Azərbaycan SSR dövlət mükafatı laureatı.
Zərnigar Fəti qızı Ağakişiyeva (Ağakişi atasının babasının adıdır, Güləli isə babasının. 12 yaşında ikən atasının babasının adını özünə soyad seçib) 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.
O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.
Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Həyat yoldaşının peşəsi mədəniyyət sahəsinə aid deyildi. Övladları olmayıb.
Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat etmişdir. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılmışdır.
Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb.