İsraildəki ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. Mədəni irs, abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və ya yazılar kimi), binalardan və ərazilərdən (o cümlədən arxeoloji sahələr) ibarətdir. Təbii irs, elmi-tədqiqat, konservasiya və ya təbii estetika baxımından mühüm əhəmiyyət kəsb edən fiziki və bioloji birləşmələr, geoloji və fizioqrafik birləşmələr (o cümlədən təhlükə altında olan flora və faunanın yaşayış yerləri) kimi müəyyən edilir.
İsrail dövləti 6 oktyabr 1999-cu ildə konvensiyanı ratifikasiya edərək, mədəni və təbii obyektlərini siyahıya daxil etmək hüququ qazanıb. Ölkədəki doqquz ərazinin hamısı mədənidir. Ən erkən daxiletmələr 2001-ci ildə Masada qalası və qədim Əkka şəhəri idi. Siyahıya son daxil edilən ərazilər, 2014-cü ildə daxil edilmiş Beyt Quvrin-Mareşa Milli Parkındakı mağaralar şəbəkəsidir. Bundan əlavə, İsrail Nazirlər Kabineti 18 obyekti öz ilkin siyahısına daxil edib, onlar gələcəkdə bu əraziləri Ümumdünya İrsi obyektləri kimi təqdim etmək niyyətindədirlər. Onlardan 14-ü 2000-ci ildə siyahıya alınıb. Rəsmi siyahıdan fərqli olaraq, ilkin siyahıda bir neçə təbii və qarışıq irs obyektləri vardır.