Şahanə Hacıyeva
Şahanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
== Həyatı ==
Şahanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şahanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir.
== Karyerası ==
Şahanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şahanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı.
Şahanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şahanə Hacıyeva bürünc medalın sahibi oldu.