Alaq əməköməci
Alaq əməköməci — (lat. Malva neglecta)
== Qısa morfoloji təsviri ==
Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır.
== Yayılması ==
Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.