Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər)
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər) - XIII-XIV əsrlərdə Qafqazda cərəyan edən siyasi hadisələrdə Azərbaycanın ən mühüm strateji əhəmiyyətli mərkəzlərindən biri. Şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam. İki monqol ulusu arasında sərhəd məntəqəsi.
Azərbaycanın Dərbənd şəhərinin yerləşdiyi coğrafi ərazi, strateji mövqe-bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olub. Əbəs yerə şəhər "Dərbənd", yəni "Bağlı qapı", həmçinin "Dəmir qapı", "Bab əl-əbvab" və s. adlandırılmır. Tarixən olduğu kimi, Dərbənd XIII-XIV əsrlərdə də şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam idi. Bir çoxları şəhərin möhkəmliyini, alınmaz olduğunu bilərək, ondan yan ötməyi daha üstün tutmuşlar.
Əlverişli strateji mövqeyə malik Dərbəndin XIII-XIV əsrlərdə, başqa sözlə monqol ağalığı dövründə Monqol imperiyasının hansı ulusuna - Cuçi və Tuli nəslinə, yəni qızılordalılara və ya hülakulara məxsus olduğu tarixi ədəbiyyatda müəyyən fikir ayrılığına səbəb olmuşdur. Bunun əsas səbəbi şəhərin iki monqol ulusu arasında sərhəd məntəqəsi təşkil etməsidir.