Ramiz Novruz
Ramiz Novruz (25 may 1955, Səmədabad, Puşkin rayonu – 21 fevral 2023, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti (1998), Prezident təqaüdçüsü (2018-ci ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası.
== Həyatı ==
Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M. Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T. Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb:
Nəvvab və İran şahzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev),
Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev),
Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev),
Seyton ("Maqbet" Uilyam Şekspir),
Edmund ("Kral Lir", Uilyam Şekspir),
Kreon ("Medeya", J. Anuy),
İbn Yəmin ("İblis", Hüseyn Cavid),
Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə),
Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə),
Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə),
Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə),
Fərhad ("Sənsiz", Şıxəli Qurbanov),
Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Novruz),
Ələs bəy ("Dirilən adam", Mir Cəlal),
Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı),
Murad ("Xəcalət", Hüseynbala Mirələmov),
Cəbrayıl ("Teleskop", Elçin),
Attillio ("Silindr", Eduardo de Filippo),
Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol).
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir.