Naxçıvanın bitki örtüyü
Naxçıvan florası — Naxçıvan Muxtar Respublikasının bitki örtüyü.
== Haqqında ==
Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov, İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülküquyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişiknanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur.
== Bitki zonaları ==
Naxçıvan MR-də dörd bitki zonası var :
yarımsəhra
dağlıq kserofit
yüksək dağ bozqırları
subalp və alp çəmənlikləri
=== Yarımsəhralar zonası ===
Muxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub-şərqə doğru uzanır.