Şorabad (Xızı)
Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir.
Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır.