Əbül-əla Gəncəvi
Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair.
Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür.