I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır.
Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir.
== Tarixi ==
=== Tarixi-mədəni mühit ===
XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.