Azərbaycan Teatr Memarlığı
Azərbaycanda Teatr Memarlığı- XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin srukturuna daxil idi.
Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirlər oyanır. Elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da mühüm yer tutur. Teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.
== Azərbaycan Teatr sənəti ==
1873-cü ildə başda görkəmli maarifçi Həsən bəy Zərdabi olmaqla bir qrup azərbaycanlı ziyalıların dahi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasına səhnə həyatı verməsi ilə milli teatr tariximizin ilk səhifəsi yazıldı. Şərqdə ilk peşəkar teatrın məhz Azərbaycanda – bizim ölkədə yaranması mədəniyyət tariximizin əhəmiyyətli hadisəsidir. Əslində, tam haqla demək olar ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da teatr öz kökləri etibarilə çox qədimdir. Xalqın əmək fəaliyyəti ilə əlaqədar olan qədim ayinlər, mərasimlər, oyunlar, rəqslər, dərvişlərin, kəndirbazların meydanlardakı çıxışları, eləcə də, sinkretik (oxumaq, çalmaq, oynamaq) aşıq sənəti hərəkət, xor və dialoq kimi bir sıra teatr ünsürlərinə malik olmuşdur. Zaman keçdikcə bu ünsürlər müəyyən həyat məzmunu ifadə edərək, müstəqil şəkilə düşməyə və teatr tamaşalarının yaranması üçün əsas təşkil etməyə başlamışdır. Belə ki, milli teatr düşüncəsi və teatr sənəti xalqın mövcud tarixi ilə birbaşa bağlı olub, onunla bərabər yetkinlik taleyi yaşamışdır.