Klaster baş ağrısı
Klaster baş ağrısı — birincili baş ağrı forması olub ,xüsusiyyətlərinə orbital, supraorbital, gicgah nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız
birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə aşağıdakılar aiddir:
həddindən artıq dözülməz olması
gündüz və gecə ərzində dəfələrlə təkrarlanması
üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür etməsi
xəstəliyin özünəməxsus formada getməsi
ağrı tutmalarının dalbadal və ya “dəstə” şəklində baş verməsi.
Ağrı olan tərəfdə tutmalar bir və ya bir neçə əlamətlərlə müşayiət olunur: konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi. Hər bir tutma gözlənilmədən başlayır və tamamlanır, 15 dəqiqədən 3 saata qədər çəkir, günaşırı bir dəfədən gün ərzində səkkiz dəfəyə qədər təkrarlana bilər. Xəstə tutmalar zamanı həyəcanlı olur.
Xəstələrin 80-90%-də KBA-nın epizodik formaları müşahidə olunur və bu zaman bir neçə həftədən bir neçə aya (adətən 6 ay) qədər davam edən xəstəliyin kəskinləşməsi dövrləri uzun müddətli remissiyalarla müşahidə olunur, xəstələrin 10-20%-də isə daha nadir hallarda baş verən Xronik forma müşahidə olunur. Bu zaman il ərzində remissiya müşahidə olunmur və ya remissiyanın müddəti 1 aydan az olur.