Adelaida Məmmədova
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası.
== Yaradıcılığı ==
Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.
1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.