Atçılıq
Atçılıq — heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını ödəmək məqsədilə əsrlər boyu yetişdirilmişdir.
Atların yetişdirilməsi, saxlanması, istifadəsi, sınağı, at cinslərinin təkmilləşdirilməsi ilə məşğul olan qədim heyvandarlıq sahələrindən biri. FAO-nun (BMT-nin Ərzaq və k.t. təşkilatı) məlumatına (2007) görə dünyada 50 mln. baş at, o cümlədən ABŞ-də 9,2 mln., Çində 7,641, Meksikada 6,26, Braziliyada 5,7, Argentinada 3,65, Kolumbiyada 2,553, Monqolustanda 2,09, Efiopiyada 1,655, Türkiyədə 1,2 mln. baş at vardır.
Damazlıq, idman, iş atlarının yetişdirilməsi, Atçılıq məhsullarının (ət, süd, qımız, dəri, boğaz madyan zərdabı–BMZ hormon preparatı və s.) alınması və xidmət növləri (turizm, ippoterapiya – müalicəvi atsürmə və s.) sahənin iqtisadi əsasını təşkil edir.
İnsanlar Atçılıqla ən qədim zamanlardan – Daş dövrünün sonlarından məşğul olmağa başlamışlar. Tarixi mənbələrdə atın əhliləşdirildiyi ilk məskənlər kimi Çinin Qansu bölgəsindən qərbə doğru, Orta Asiya, Xəzərin c.-q.və c.-ş. sahilboyu ərazilərindən keçməklə Balkan d-rına qədər uzanan, əsasən, türk xalqlarının məskunlaşdığı ərazilər göstərilir.