Avanqard (incəsənət)
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti.
== Yaranması, yayılması ==
"Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı.
Tanınmış ingilis musiqişünası P. Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir".
== Rusiyada avanqard musiqi ==
Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y. Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.