Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdülhüseyn Babayev
Əbdülhüseyn Kərbəlayı Mikayıl oğlu Babayev (1877, Bakı – 1961, Bakı) — Azərbaycan xarratı, şəbəkə ustası, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1957). Əbdülhüseyn Babayev 1877-ci ildə Bakıda anadan olmuşdur. O, oxuduğu mollaxananı tərk edərək arababənd atası Kərbəlayı Mikayılın yanında 10 il usta şagirdi işlədikdən sonra qapı-pəncərə və xonça-bağdatı düzəltməyi, şüşəbənd bağlamağı öyrənmişdir. Sonralar on ilə yaxın müddət ərzində o, "Qafqaz və Merkuri" gəmiçilik şirkətində işləmiş, burada yüzlərlə gəmi təkəri bağlamışdır. Gənc yaşlarında rəhil kəsməyi öyrənən usta Əbdülhüseyn ən sadə quruluşlu bir qüllə rəhildən mürəkkəb quruluşlu altı və səkkiz qüllə rəhilə qədər kəsməyi bacarırdı. O, mıxsız və yapışqansız düzəltdiyi rəhillərdə yenilik yaratmağa çalışır, bəzən iki rəhili bir-birinin içində kəsir, bəzən səkkiz və daha çox hissədən ibarət bir neçə formaya salına bilən rəhil düzəldirdi. Onun hazırladığı rəhillər Azərbaycan muzeylərində nümayiş etdirilir. Əbdülhüseyn Babayevin yaradıcılığında "Cəfəri", "Xab-bidar", "Səkkiz qüllə", "On altı qüllə" adlı mürəkkəb şəbəkələr mühüm yer tutmuşdur. O, Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (Moskva, 1939) Azərbaycan SSR pavilyonu üçün şəbəkə kompozisiyaları hazırlamışdır. Usta Əbdülhüseyn şəbəkə ornamentlərini əzbərdən çəkir, düzəltdiyi arakəsmələrdə, qapı və pəncərə şəbəkələrində, habelə mebel bəzəklərində müxtəlif naxışlar tətbiq edir, çox zaman eyni bir şəbəkə kompozisiyasına cürbəcür ornament ünsürləri daxil edirdi.
Əbdülhüseyn Nuşin
Əbdülhüseyn Nuşin (fars. عبدالحسین نوشین‎; 1906, Məşhəd – 1971, Moskva) — İran teatr xadimi və yazıçısı. Əbdülhüseyn Nuşin 1905-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur. 1950-ci ildən SSRİ-də yaşamışdır. 2 may 1971-ci il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. O, 1929-cu ildə Tehran aktyorluq məktəbini, 1940-cı illərdə isə "Firdovsi" və "Fərhənk" teatrlarını təşkil etmiş, milli teatr sənətinin inkişafında xidməti olmuşdur. Vilyam Şekspir, Moris Meterlink, Anton Çexov, İvan Turgenov, Maksim Qorki və başqalarının əsərlərini tərcümə etmiş və tamaşaya qoymuşdur. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" pyesinin quruculuğunu vermişdir. Nuşin kəndli əhalisinin ağır həyatından bəhs edən "Əlimurad xan və başqaları" (1959) povestinin, ailə-məişət mövzusunda olan "Pozğun" və "Məryəm", eləcə də İran fəhlələrinin mübarizəsindən bəhs edən "Səhər xoruzu" pyeslərinin müəllifidir. 1952-ci ildə Tehran şəhərində çap olunan "Teatr sənəti" dərsliyinin müəllifidir.
Əbdülhüseyn Zərrinkub
Əbdülhüseyn Zərrinkub (d. 19 mart 1923, Bürucird, İran – ö. 15 sentyabr 1999, Tehran, İran) — İran ədəbiyyatşünası. Əbdülhüseyn Zərrinkub 19 mart 1923-cü ildə İranın Bürucird şəhərində anadan olmuşdu. İbtidai təhsilini doğma şəhərində almışdı. Orta təhsil ardınca Tehrana yollanmış, 1940-cı ildə tamamlamışdı. Sonra Tehran universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Sovet-Böyük Britaniya qoşunlarının İranı tutması nəticəsində o, təhsilini yarımçıq qoyub Lurestana getmişdi. Fakültənin dekanı Mirzə Əliəkbər Dehxuda onun universitetdən ayrılmasına çox təəssüflənmişdi. Əbdülhüseyn Zərrinkub 15 sentyabr 1999-cu ildə Tehranda vəfat edib.
Əbdülhüseyn Əmini
Əbdülhüseyn Şeyx Əhməd oğlu Əmini (1902-1970) — İslam alimi. Məşhur "Əl-Qədir" kitabının müəllifi. Əllamə Əmini kimi tanınan Əbdül-Hüseyn Əmini 1902-ci ildə Təbrizdə bütün nəsli alim, fəqih, abid, zahid və ədib olan bir ailədə dünyaya göz açmışdır. O, iman, elm, əməl və əxlaq mərkəzi sayılan bir evdə tərbiyə alıb boya-başa çatmışdır. İbtidai təhsilini möhtərəm atası alim və fəqih Mirzə Məhəmməddən öyrəndi. Sonra o dövrün İslam elminin və mədəniyyətinin ən tanınmış mərkəzi sayılan Təbrizin Talibiyyə mədrəsəsində təhsil almışdır. Ərəb ədəbiyyatı, fiqh və üsuli-fiqh elmlərini Təbrizin məşhur alim və ariflərinin, o cümlədən Ayətullah Seyid Məhəmməd Hüseyn Musəvinin və Ayətullah Seyid Murtəzanın yanında öyrəndi. Əbdül-Hüseyn dərin istedada və zəkaya malik olduğu üçün Təbrizlə kifayətlənməyib təhsilini davam etdirmək üçün o dövrün ən məşhur dini və elmi mərkəzlərindən olan İraqın Nəcəf şəhərinə yollandı və oranın ən böyük alim və fəqihlərinin yanında dərs aldı. Əbdül-Hüseyn Nəcəfdə dini təhsilinin birinci mərhələsini başa vurduqdan sonra doğulduğu şəhərə, Təbrizə qayıdır və dini elmlərin tədrisi, təbliği və tədqiqatı ilə məşğul olur. Onun bu dövrdə qələmə aldığı kitablarından Quran haqqında olan "Fatihətül-kitab" əsəridir.
Əbdülhüseyn mirzə Fərmanfərma
Şahzadə Əbdülhüseyn mirzə Firuz mirzə oğlu Fərmanfərma (d. 1858/1859, Tehran/Təbriz, Qacar imperiyası –1939, Tehran, İran) — Qacar imperiyasında və Qacar sülaləsinin ən təsirli siyasətçilərindən biri. O, 1857-ci ildə Təbriz şəhərində Qacar sülaləsindən şahzadə Firuz Mirzə Nüsrətdövlə Qacarın ailəsində dünyaya gəlmiş və 1939-cu ilin noyabrında 82 yaşında vəfat etmişdir. O, Qacar sülaləsinin məşhur şahzadəsi Abbas Mirzənin 16-cı nəvəsidir. Onun atasının 8 arvaddan 26 oğlu və 13 qızı olmuşdur. Onun həyatı boyunca birinci arvadından olan dörd oğlu vəfat etmişdir. Onun övladlarından biri olan Məhəmmədvəli mirzə Fərmanfərmaian həyatının uzun bir dövrünü Təbrizdə yaşamış, farsca çox pis danışmış və Seyid Cəfər Pişəvəri rəhbərliyində yaradılmış Azərbaycan Milli Hökumətində maliyyə naziri olaraq çalışmışdır. Əbdülhəsən Mirzənin anası Xaccə Hüma Xanım adlı qadın olmuşdur. O, dövrünə görə mükəmməl şəkildə özəl müəllimlərdən təhsil almışdır. O, özəl müəllimlərindən şeiriyyat, riyaziyyat, ərəb dili və din ilə birlikdə, modern elmlər və qərb dilləri üzrə təhsil görmüşdür.
Əbdülhüseyn xan Teymurtaş
Əbdülhüseyn xan Teymurtaş (1883, Bocnurd – 3 oktyabr 1933, Tehran) — İran Milli məclisinin üzvü, saray naziri. Əbdülhüseyn хan Kərimdad xan oğlu 1883-cü ildə anadan olmuşdu. Sankt-Peterburq şəhərində ali hərbi təhsil almışdı. Müəzzəmülmülk ləqəbini daşıyırdı. İngiltərə İranа göndərdiyi səfir Ser Presli Loren çalışırdı ki, Teymurtaşla əlaqə qursun. Məsud Bеhnud yazır: "Loren Teymurtaş kimi natiq, şüurlu, ədəbli bir şəxs tapdı ki, onun vasitəsilə Sərdari-Sipəhin (Rza şah Pəhləvinin) qulağına lazım gəldiyi vaxt pıçıldaya bilsin. Teymurtaş tək deyildi, ondan əvvəl Füruği Lorenin məşvərətçisi, etimad etdiyi şəxs idi. Lакin, ingilislər yаxşı bilirdilər ki, gənc Teymurtaş Füruğidən bacarıqlıdır". Rza şah Pəhləvinin vəziri idi. Türklərə qarşı nifrət bəsləyən bu adam Əbdülhüseyn хanı 1933-cü ildə Qəsri-Qacar zindanında zəhərlətdi.
Mirzə Əbdülhüseyn xan Avşar
Mirzə Əbdülhüseyn xan Əlinağı xan oğlu Avşar (?-?) — İran hərbçisi, general. Mirzə Əbdülhüseyn xan Əlinağı xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Valideynləri kimi hərbə meyl etmişdi. Mirpəncə (general) rütbəsinədək yüksəlmişdi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Mirzə Əbdülhüseyn xan Avşar elinin Qasımlı oymağındandır. Hacı Məhəmməd xan Qasımlı-Avşarın nəvəsidir. Atası Yəminiləşkər ləqəbli Əlinağı xan İran Qacarlar ordusunun yüksək rütbəli zabitlərindən idi. Ənvər Çingizoğlu, Aydın Avşar.
Mirzə Əbdülhüseyn xan Diba
Seyid Əbdülhüseyn Diba — Vəkiləllmülk kimi də tanınan 1888-ci ildə Təbrizdə dünyaya gəlib. Atası Turab xan Azərbaycanın böyük kübar, zadəgan və torpaq sahiblərindən idi və Müzəffərəddin şah Qacar sarayında əzəmətli durumu var idi.Əmiləri Nizamülüləma Təbrizi, Mirzə Əsədulla xan Naziməddövlə, və Mahmud xan Əlaülmülk İran və Azərbaycanın böyük və görkəmli adamlarından idilər. Əbdülhüseyn Təbrizdə ibtidai təhsil alandan sonra, təhsilin davam etdirmək üçün Fransaya göndərilmişdir. İqtisad və siyasi elmlər sahələrində təhsil almışdır, məzuniyətdən sonra İranın Parisdəki səfirliyində fəxri attaşe kimi xidmət etmişdir. Sonra İrana qayıtdi və xarici işlər nazirliyində yaxın qohumları həssas rəsmilərdə olmaqlarına görə konsol vəzifəsində Bakıya getdi. Bir Qafqazlı qız ilə evləndi ancaq Rusiya bolşevik inqilabından sonra həyat yoldaşı ilə İrana qayıtdi və Teymur Taşın yaxın adamlarından oldu. Teymur Taş,Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşının adını bülbül qoymuşdur və ona fövqəladə diqqət və sevgisi varıdi.Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşı Rus, Fransız, Alman və İngilis dillərini mükəmməl bilirdi. Bu məsələlərə görə Teymur Taş həmişə Sovetlərin kəşfiyyat xidmət orqanı (GPU) ilə əlaqələri olmağa təqsirləndirilirdi. Bir müddətdə İzmirdə konsol vəzifəsində idi.Rza şah Pəhləvi dövründə bir müddət sarayın təftiş başçısı oldu.Milli Məclis Şurasının 7 və 8 dövürlərində Teymur Taşın yardımı ilə Xoy, Maku və Salmasın nümayəndələri idi. Əbdülhüseyn xan Teymurtaşın mövqeyi zəifləyəndən sonra Rza şah Pəhləvi, Əbdülhüseyn xan Dibanı xaric etdi və O, Kirmanşaha sürgün oldu və sonra rüşvət almaq ittihamı ilə həbs olundu və 1939-cu ildə, 51 yaşında Məlayer həbsxanasında şübhəli olaraq vəfat etdi.
Hüseyn Əbdülhüseynov
Hüseyn Bəhmən oğlu Əbdülhüseynov — Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru,İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == 1921-ci ildə Əbdülhüseynov Hüseyn Bəhmən oğlu Naxçıvanın Yuxarı daşarx kəndində anadan olmuşdur. === Vəfatı === 1979-cu il 2 avqust tarixində qəflətən vəfat etmişdir. Məzarı Yuxarı Daşarx kəndindədir. === Fəaliyyəti === 1970-1979-cu illərdə İşıqlı yollar qəzetinin baş redaktoru olmuşdur.
Mirzə Əbülhüseyn Cahanşahi
Mirzə Əbülhüseyn Mir Fəseh oğlu Cahanşahi (?-1515) — Hüseyni seyidlərindən, Təbriz şəhərinin kələntəri. İskəndər bəy Münşi onun haqında yazır: "Mirzə Əbdülhüseyn: Mir Fəsihin oğludur. O da hüseyni seyidlərindən olub, Əmirə Cəfərlə əmioğlanları idilər. Onun anası "Cahanşahi" sülaləsinə xas qadınlardan olduğundan ona Mirzə Əbülhüseyn Cahanşahi deyirdilər. O, Təbriz darüssəltənəsində cahanşahiyyə büqəsinin yaxınlığında yaşayırdı, Müzəffəriyyə kimi məşhur olan və anasından ona qalan həmin büqənin mütəvəllisi idi. İsgəndər şanlı nəvvabın zamanı və Əmir xan Türkmanın hakimliyi vaxtında Təbriz darüssəltənəsi kəlantəri o idi. Olduqca şanlı və mötəbər adamdı. Rumiyyə istilası zamanı İraqa gəldi, Mir Cəfərin vəfatından sonra möhtəsibül-məmalik oldu və elə həmin günlərdə də axirət evinə getmək üçün əyninə əməl paltarı geyindi". Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Əbdülhəsən Məmmədov
Əbdülhəsən Ağaməmməd oğlu Məmmədov (22 noyabr 1938, Salyan, Salyan rayonu – 26 avqust 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan (1986) Dövlət mükafatları laueratı. Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960–1961) işləmişdir. H. Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H. Məmmədov 50-dən çox filmdə çəkilmişdi. 1962-ci ilin 10 sentyabrında bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur.
Əbdülhəsən Astana-Əsl
Əbdülhəsən Astana-Əsl (d. 1947; Təbriz) — əslən azərbaycanlı İran-Amerikan elm xadimi, struktural mühəndisi və Berkli Kaliforniya Universitetinin professoru. 1947-ci ildə Pəhləvi İranında dünyaya gəlmişdir. Bakalavr təhsilini mülki mühəndislik ixtisasi üzrə Tehran Politexnik İnistitutunda, magistr (1979) və doktorantura təhsilini (1982) Miçiqan Universitetində almışdır. Hal-hazırda Berkli Kaliforniya Universitetində professor olaraq çalışmaqdadır. O, 11 sentyabr terror hücumu zamanı Dünya Ticarət Mərkəzinin çöküşünü araşdıran dünyanın aparıcı struktural mühəndisləri arasında yer almışdır. O, 1998-ci ildə Amerika Polad Konstruksiyası İnistitutunun Higgins Lectureship Mükafatını qazanmışdır. Bu mükafat Astana-Əslin araşdırdığı sahədə ən nüfuzlu mükafat hesab edilir. O, hal-hazırda Kaliforniyada mühəndislik fəaliyyəti ilə yanaşı, struktural və körpü mühəndisliyi sahəsində konsultasiyalarla, məhkəmələrdə öz sahəsinə dair ekspertliklərlə, həmçinin də elmi araşdırmalarla, nəşrlərlə məşğuldur. Onun araşdırma sahəsinə zəlzələ mühəndisliyi və mühəndislik etikasına da daxildir.