Aypara Əliyev
Aypara Nəsrəddin oğlu Əliyev (1958 və ya 1959 – 25 noyabr 1995, Bakı) — Azərbaycan tarixçisi, Azərbaycan Sosial Demokrat Partiyası sədrinin sabiq müavini, Surət Hüseynovun mətbuat katibi və köməkçisi.
== Həyatı ==
Aypara Əliyev ixtisasca tarixçi olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi çalışmışdır.
Əliyev 7 oktyabr 1994-cü il tarixində Surət Hüseynovun başçılıq etdiyi oktyabr hadisələrində iştirakına görə həbs edilmişdir. O, qiyamla bağlı dövlətə xəyanətdə, "xüsusən təhlükəli dövlət cinayətlərinin törədilməsinə yönəlmiş təşkilatlanma" fəaliyyətində, o cümlədən qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunmuşdur. Əliyevə qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də, o cümlədən "Nicat" xeyriyyə fondunu qeydiyyata almaq üçün saxta sənədlər hazırlamaqda və cəmiyyətdən külli miqdarda pul oğurlamaqda da ittiham olunmuşdur. İddia olunur ki, o, prokurorluğun və Gəncə Şəhər Sovetinin icazəsi olmadan həbs edilmişdir. Əliyev sonda Gəncədən Bakıdakı istintaq təcridxanasına köçürülmüşdür. O, həbsxanada sağlamlıqdakı problemlər səbəbindən 22 oktyabr 1995-ci il tarixində komaya düşmüşdür. Əliyev 25 noyabr 1995-ci tarixində, 36 yaşında Penitensiar xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Qeyri-rəsmi mənbələrə görə, o, qaraciyər serrozundan, böyrək çatışmazlığından, ayaq və qarnında şişkinlikdən əziyyət çəkirmiş.