Səba dövləti
Səba dövləti — Yəmən ərazisində bizim eradan əvvəl II minilliyin sonundan — 115-ci ilə qədər mövcud olmuş tarixi dövlət.
== Tarixi ==
Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi.
Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur.
Səba dövləti dövründə Yəməndə kənd təsərrüfatı dağlarda böyük su tunelləri və bəndlərdən ibarət qabaqcıl irriqasiya sistemlərinin mövcudluğu sayəsində çiçəklənmişdir. Bu sistemlərdən ən nəzərə çarpanı bizim eradan əvvəl 700-cü illərdə tikilən və eramızın 570-ci ilində baxımsızlıqdan dağılanadək əsrlərlə varlığını qoruyan Mərib su bəndidir ki, təxminən 100 km² ərazini su ilə təmin edirdi.