Karl Popper Bioqrafiya
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu.
Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur.
1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır.
== Həyatı ==
Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.