Mozambik cərəyanı
Mozambik cərəyanı — Hind okeanının Mozambik boğazında Afrikanın şərq sahilləri boyunca Mozambik və Madaqaskar adası arasında cənuba doğru axan isti okean axınıdır.
Mozambik cərəyanının klassik tərifi- güclü, davamlı, qərb sərhəd axımıdır. Müasir tədqiqatlar bu fərziyyəyə etiraz etmiş və göstərmişdir ki, güclü qərb sərhəd axımı ilə yanaşı, boğazda tez-tez bir sıra böyük anti-siklonik burulğanlar olur. Bu burulğanlar üçün sübutlar peyk altimetriyası məlumatlarında, gəmi sorğularında və aparılmış bir çox ölçmə qeydlərində tapılmışdır. İki ildən artıq aparılmış eyni axım ölçmə qeydləri Mozambik sahilləri boyunca güclü, davamlı axın, əsasən sabit bir Mozambik cərəyanı anlayışını ortadan qaldırır. Buna baxmayaraq, Mozambik cərəyanının qısamüddətli zamanlarda meydana gəlməsi ehtimalını istisna etmək mümkün deyil. Həqiqətən də, Mozambik boğazının rəqəmsal model görüntüləri Mozambik sahilində burulğanlar arasında bir axımın görünüşünü göstərir.
Mozambik boğazı burulğanları cənuba doğru genişlənən böyük, isti, anti-siklonik burulğanlardır. Bu burulğanların diametri 300 km-ə qədər çatır və maksimal dövretmə sürət həddi təxminən 1 m/san olur. Burulğanların formalaşmasının dəqiq səbəbləri və yeri hələ də müzakirə olunmaqdadır.