1. Bədənin uzunluğu; qədd, qamət. Boyu uca adam. Boyu qısa. Sənin boyda. Bir boyda.
// Bədən quruluşu, bədəndə tənasüb. O qadının heç boyu yoxdur.
2. Ümumiyyətlə, uzunluq. Gəbənin boyu. Otağın boyu altı metrdir.
3. Yüksəklik, hündürlük. Ağacın boyu.
4. Adətən boyda şəklində – böyüklükdə. Bu boyda balıq görməmişəm.
// Adətən boyu, boyunca, boyunda, boyu ilə şəklində zərf mənasında işlənərək, bir şeyin uzununa davamını, uzunluğunu, böyüklüyünü, yaxud müddətcə davamını bildirir. Sahil boyunca ağaclar əkilmişdir.
◊ Boy atmaq – 1) uzanmaq, böyümək, inkişaf etmək. Uşaq boy atır. Ağac boy atır. Hər bir bitki cücərib boy atmaq və məhsul vermək üçün torpaqdan qida almalıdır. Tarlalarda milyonlarla pambıq cücərtiləri yavaş-yavaş boy atır.
2) məc. İnkişaf etmək, tərəqqi etmək, irəliləmək, təcrübə qazanmaq, bərkimək, bişmək.
Boy çəkmək – bax boy atmaq 1-ci mənada.
Boy durmaq – ayaq üstə düz durmaq.
Boy görmə – köhnə məişətdə: hədiyyə apararaq, gəlinlə ilk dəfə görüşmə.
Boy vermək – 1) bax boy atmaq 1-ci mənada;
2) boyca, yaxud uzunluqca bərabər olmaq;
3) adam boyundan yuxarı olmamaq (suyun səviyyəsi).
Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) – yetişdirmək, tərbiyələndirib böyütmək.
Boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) – yetişmək, böyümək, tərbiyələnib ortaya çıxmaq.
Boy-boya vermək – ayaq üstə dayanmaq (bir neçə adam haqqında).
Boyu dolu – hamilə.
Səbanın qarnı gözümə bir cür dəydi, – deyə Qaraxan … arvadından soruşdu.