Yad et məni
Yad et məni — Əzizə Cəfərzadənin "Şirvan" trilogiyasının üçüncü və sonuncu kitabı olan tarixi romanı.
Müəllif əsərin 1980-ci ildəki ilk nəşrini "Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda gedən mübarizədə inqilabın sədaqətli əsgəri" Əliheydər Qarayevin xatirəsinə həsr edib.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulova "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı olan "Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı"nda əsər barədə bu cür qeyd edir: "Yazıçının arxiv materiallarından məlum olur ki, romanda adı keçən Ağali Nasih Nişat Şirvaninin uzun müddət axtardığı oğlu olmuşdur."
Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu əsər barədə təhlilinin sonunda qeyd edir ki, bu romandan sonra Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı Ə. Cəfərzadəni o qədər ruhlandırmışdır ki, o, Sabir haqqında ayrıca roman yazmışdır ki, bu əsəri bədii tərcümeyi-hal da adlandırmaq olar. "Yad et məni" romanından fərqli olaraq “Sabir” romanı çoxplanlı deyil, təkplanlıdır və şairin həyat və mübarizəsini ön plana çəkir.
Romanda XX əsrin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Burada Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli bəy Nasehin obrazları yaradılmışdır. Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti A. Səhhətə yönəltməyə çalışmışdır.
Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu romanda Abbas Səhhətin simasında konkret bir şəxsin üstün əks olunduğunu, 3 dostun (A. Səhhət, M.Ə. Sabir, A. Naseh) portret cizgilərinin işləndiyini, birincinin xeyirxahlığı, ikincinin cəsurluğu, üçüncünün təvazökarlığının konkret cizgilərlə verildiyini bildirib.
Filoloq A.T.Əliyeva "Bakı Universitetinin xəbərləri" jurnalındakı "Əzizə Cəfərzadə yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri" məqaləsində bu əsərdən bayatı sitat gətirərək müəllifin təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı seçib işlətməyi sevdiyini qeyd edib.