Cinlilər (tayfa)
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər.
Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar.
Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.