Qobustanın masa dağları
Qobustanın masa dağları - Azərbaycan Respublikasının nadir relyef formalarından biri də yalnız Şərqi Qobustanın hüdudları daxilində bu günümüzə qədər gəlib çıxmış masa dağlarıdır. Onlar sıldırım və sərt yamaclı oval (dairəvi) formalı və ya uzadılmış ellipsoid görünüşlü, yastı zirvəli yüksəkliklərdir. Masa dağlarının zirehli zirvələri və ya “üst taxtaları” eopleystosenə (orta-üst abşeron) aid sıx qabıqlı əhəngdaşılarının subhorizontal laylarından formalaşmışdır; onlar bir vaxtlar Qobustan ərazisini tamamilə örtmüş və gec dördüncü dövrün şaquli hərəkətləri ilə bağlı olan denudasion proseslərin təsiri altında yuyulmuş yastı düzənliyin qalıqlarıdır. Bakı şəhərindən cənubda, Xəzər dənizi sahilinin yaxınlığında ucalan Böyükdaş və Kiçikdaş yüksəklikləri də masa dağları sırasına aid edilir. “Üst taxtaların” kənarlarından uçub tökülmüş müxtəlif ölçülü əhəngdaşı qırıntılarının masa dağlarının yamaclarında qalaqlanması nəticəsində qəribə ahəngdarlıq yaradan qaya ansamblları, taxça, kaha və zağalardan ibarət “qayalar dənizi”-nin bənzərsiz landşaftı yaranmışdır.
Bu və yaxınlıqda yerləşən Cingirdağ, Şonqardağ və Şıxqaya masa dağlarının qaya və mağaralarında daş əsri və sonrakı dövrlərə aid çoxlu artefaktları – ibtidai insanın yaşayış məskənləri, qayaüstü təsvirlər, qəbirlər və i.a. aşkar edilmişdir. Ən qədim petroqliflər yeni eradan əvvəl 10-8-ci minilliklər, ən gecləri isə orta əsrlərə aid edilir. Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları, Yazılı təpəsi və ətraf ərazilər də daxil olmaqla, 1967-ci ildə burada “Qobustan” Dövlət Tarix-İncəsənət Qoruğu yaradılmışdır. Qoruğun ərazisində yerləşən qədim mədəniyyət abidələri UNESCO-nun ümumdünya mədəniyyət və təbiət irsi obyektləri sırasında yer almış bəşəriyyətin ən qiymətli abidələri siyahısına salınmışdır.