Dekan yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2
.
Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.