Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı.
Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.