Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri

Könüllü ordunun komandanı Anton Denikin

Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləriAnton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları.[1] Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı.[2]

Demarkasiya xəttinin yaradılması

[redaktə | mənbəni redaktə et]

Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi.[1][1] 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.[2] Həmin sənədə əsasən, Petrovsk-Portdan 5 mil cənubdan yeni demarkasiya xətti ilə sərhədlər qeydə alındı. Razılaşmaya görə, Könüllü ordu bu xətdən keçə bilməzdi. Lakin Denikin demarkasiya xəttini də pozdu. 1919-cu il avqustun 4-də Azərbaycan-Gürcüstan sərhədləri boyunca III demarkasiya xətti müəyyənləşdirildi. Yeni xəttə görə, Dağıstan tamamilə Könüllü ordunun nəzarəti altında qaldı.[1]

General Q.Korinin Nəsib bəy Yusifbəyliyə 1919-cu il 4 avqust tarixli məktubunda yeni demarkasiya xəttinini hüdudları göstərilir və müvafiq coğrafi xəritə təqdim edilirdi. Böyük Britaniya hökümətinin Q.Koriyə teleqramındakı əvvəlki xəbərdarlıq təkrar olunurdu. Cənubi Qafqaz respublikaları Könüllü ordu üzərinə hər hansı həmlədən çəkinməli, general Denikinə kömək göstərməli, Xəzər donanmasını yanacaq və s. ilə təchiz etməli idilər. Məktubda göstərilirdi ki, bu şərtlərə əməl edilməməsi, Könüllü ordunun demarkasiya xəttindən şimalda qalmasına Böyük Britaniyanın zəmanətini mümkünsüz edir. Cənubi Qafqazda Rusiyanın tərkib hissəsi kimi baxan Denikin taktiki baxımdan yerli hökümətlərin mövcudluğunu müvəqqəti olaraq qəbul edirdi. İngilis qoşunları Azərbaycanı tərk etdikdən sonra Böyük Britaniyanın Cənubi Qafqaz respublikalarındakı diplomatik missiyasının əsas vəzifələrindən biri bu respublikalarla Könüllü ordu arasındakı demarkasiya xəttinə əməl olunmasına nəzarət etmək idi.[2]

  1. 1 2 3 4 Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı: 2001.
  2. 1 2 3 Cəmil Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti.
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. "Könüllü Ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri" məqaləsi.