1. Bu söz bağ-bağat kəlməsindəki bağat komponenti ilə eyni model üzrə əmələ gəlib. Şəkilçi (-at) ərəbcə cəmlik bildirir, kök öz sözümüzdür. Güman ki, el sözü bizdən əvvəlcə ərəblərə keçib, sonra isə elat şəklində bizə qayıdıb.
2. Söz eldaş (bir eldən olan) kimi olub və təhrif nəticəsində “elat”a çevrilib. Qədimdə el – qohumlar birliyi (qəbilə) mənasını verib, gün isə (“elimin, günümün böyük şairi” deyirik) bir qədər geniş anlayışı (tayfa) əks etdirib. Ulus kəlməsi də el ilə kökdaşdır və məna tutumuna görə ondan xeyli geniş olub. Başqa bir yozum da mümkündür: elat “köçəri həyat sürənlər” deməkdir, atlılar anlamını verir. Osman eli ifadəsi dilimizdə al Osman şəklində düşdüyü kimi atlı el birləşməsinin də elat formasını kəsb etməsi mümkün olan haldır. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)