Kamal Abdullayev (energetik)
Kamal Mehman oğlu Abdullayev (19 dekabr 1936, Əcəxur, Hil rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli.
Kamal Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Mehman Hacıbala oğlu Abdullazadə Qusarda maarifçilik sahəsində böyük xidmətlər göstərmiş, uzun illər müəllim və məktəb direktoru vəzifələrində işləmiş və böyük nüfuza malik şəxsiyyət olmuşdur.
Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnmiş və 1956-cı ildə isə bəraət almışdır. Hazırda Əcəxur kənd orta məktəbi Mehman Abdullazadənin adını daşıyır, məktəbin həyətində onun heykəli qoyulmuşdur. Atası güllələndikdən sonra Kamal Abdullayevin ailəsi rayondan sürgün olunmuş, evləri, əşyaları və atasının kitabxanası müsadirə edilmişdir.
Sürgündən qayıtdıqdan sonra Kamal Abdullayev kənd məktəbini əla qiymətlərlə bitirib, "İstilik texnikası" ixtisası üzrə Bakı Energetika Texnikumuna qəbul edilmiş və texnikumu fərqlənmə diplomu ilə bitirmişdir.
O, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) imtahansız qəbul edilmişdir.
Görkəmli elm xadimi, professor K. M. Abdullayev XX əsrin səksəninci illərinin sonunda Azərbaycanda yaranan gərgin ictimai-siyasi mühitdə respublikanın şimalında fəallaşan "sadval"çılara qarşı kəskin mövqedə dayanaraq, onlara layiqli cavab verirdi.
O, 2003 və 2008-ci illərdə keçirilən prezident seçkilərində hörmətli Prezidentin səlahiyyətli vəkili, sonuncu prezident seçkilərində isə Qusar rayonu üzrə müşahidəçi olmuş, dövlətçiliyimizə, YAP-a sadiq, ləzgi millətinin nüfuzlu, ziyalı ağsaqqalı və böyük hörmətə layiq görkəmli, çox məhsuldar alimi və pedaqoqu olduğunu təsdiq etmişdir.