AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi
AMEA Naxçıvan Bölməsinin "Arxeologiya və Etnoqrafiya muzeyi" – 2008-ci ildən fəaliyyət göstərir. Naxçıvan bölgəsinin ən qədim zamanlardan müasir dövrədək tariximizdən soraq verən arxeoloji, tarixi, etnoqrafik, memarlıq və mədəniyyət abidələrimizi qorumaq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır.
Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Naxçıvan Bayraq Meydanı Muzeyi, həmçinin Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır.
Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V. B. Baxşəliyev, H. Q. Qədirzadə və H. Y. Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır.