Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar: Final filmlərinin istehsalı
“Qisasçılar: Sonsuzluq savaşı” və “Qisasçılar:Final” filmləri “Marvel Studios”un prodüserliyi və “Walt Disney Studios Motion Pictures”- in distribütorluğu ilə istehsal edilmiş, Marvel Comics superqəhrəman heyəti “Qisasçılar”ın fəaliyyətindən bəhs edən ABŞ supərqəhrəman filmidir. Filmlər “Qisasçılar” (2012) və “Qisasçılar: Altron dövrü” (2015) filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatının on doqquzuncu və iyirmi ikinci filmləri kimi nəzərdə tutulmuşdur. Kristofer Markus və Stefan MakFilinin yazdığı ssenarilər əsasında Entoni və Co Russo qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmış filmlərdə MKK aktyor heyətinin əksər üzvləri iştirak etmişlər.
Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert Dauninin Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır.
Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul 2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır.