Tumurcuq fırfırası
Tumurcuq fırfırası (lat. Spilonota ocellana F.) — Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ.
Kəpənəyin qanadları açılmış halda 14–18 mm-dir. Ön qanadları ağ-sarımtıl olmaqla kənarlarına yaxın parlaq gözcük yerləşir. Tırtılı boz-qəhvəyi rəngdə olub, 9–12 mm-dir. Pupu açıq qəhvəyidir, uzunluğu 7–10 mm-dir.
Zərərverici orta yaşlı tırtıl mərhələsində ağac gövdəsinin qabığı altında ağ baramacıq içərisində qışlayır. Yazda aprel ayının axırlarında havanın orta temperaturu 10–12oC olduqda qışlama yerlərindən çıxan tırtıllar əvvəlcə tumurcuqlarla, sonra isə təzəcə açılmış yarpaqların damarsız hissəsi ilə qidalanırlar. Tırtılların qidalanması 15–20 gün çəkir. May ayının axırlarında, ağacların çiçəklənməsi dövründə, tırtıllar budaqların qabığı altında, bəzən də bir neçə yarpağın saplaqlarının birləşdiyi yerdə, möhkəm hörülmüş ağ barama içərisində puplaşırlar.