1. sif. Başqası, ya başqaları üçün sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli olmayan, bilinməz olan, məlum olmayan. Gizli müqavilə.
// Məxfi. Gizli məktub. Gizli sənəd.
□ Gizli qalmaq – heç kəsə məlum olmamaq bildirilməmək.
Qalmasın sözlərin qəlbində gizli; Mən görmək istəməm çöhrəni sisli.
Gizli saxlamaq – heç kəsə məlum etməmək, başqalarına bildirməmək.
Deməli, aldılar əlimdən səni; Nakam məhəbbəti gizli saxladı.
// Özünü büruzə verməyən, gizlin hərəkət edən, hələ üzə çıxarılmamış. Gizli qüvvə. – Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr. ( Ata. sözü ).
// Başqalarına məlum olmayan, ürəkdə saxlanan. Gizli fikir. Gizli hiss.
– Səndən sənə gizli şikayətim var; Ey mələk ədalı, xuraman gəlin!
Bunun hərəsində bir məlahət, hərəsində gizli bir ləzzət var.
// Başqaları bilməli olmayan, biri üçün sirr olan.
Bağışla, sevgilim, açıq söylədim; Gizli nöqtələrə əl aparma sən.
// Məhrəmanə, intim. Gizli əlaqə. Gizli görüş.
– [Fəzl:] Amandır, ey qardaşım, xəlifə bu gizli görüşlərdən xəbər tutsa, beşikdəki körpələrimizə belə rəhm etməyəcək!
// Naməlum, heç kəsin bilmədiyi və ya az adamın bildiyi. Gizli yol. Gizli cığır.
– Səlim məharətlə, gizli yollar ilə düşmənin qərargahına qədər girir, ciddi hərbi əhəmiyyəti olan sənədlərdən əldə edib gətirirdi.
2. bax qeyri-leqal. Gizli qəzet. Gizli dərnək. Gizli fəaliyyət.
3. Açıq fəaliyyət göstərməyən; məxfi. Gizli polis. Gizli xəfiyyə idarəsi.
4. zərf Xəlvəti, gizli olaraq, gizlində, başqalarının xəbəri olmadan. Gizli gəlmək. Gizli qaçmaq. Gizli xəbər vermək.
◊ Gizli seçkilər – gizli səsvermə yolu ilə keçirilən seçkilər.
Gizli səsvermə – bülletenləri və ya keçmişdə şarları qutuya salmaq yolu ilə səsvermə üsulu.