Half-Life 2
Half-Life 2 (stilləşdirilmiş yazım — HλLF-LIFE 2, qısaldılmış HL2) — Valve tərəfindən 2004-cü ildə yaradılan, özləri və Sierra Entertainment tərəfindən nəşr edilən elmi-fantastik birinci şəxs atıcı janrında olan oyundur. Half-Life oyununun sikvelidir. Seriyanın ilk oyunu olan Half-Life kimi, bu oyun da atıcılıq, tapmacalar və hekayə kimi xüsusiyyətləri özündə birləşdirir və nəqliyyat vasitələri və fizika əsaslı oynanış kimi xüsusiyyətləri əlavə edir. Oyunçular, qravitasiya silahı kimi silahlardan istifadə edərək, Aliks Vans ilə birlikdə "Kombayn" adlı yadplanetli ordusuna qarşı mübarizə aparan Qordon Frimanı idarə edərək oynayırlar.
Oyun geniş tanınmış və bir çox mükafat və 45-dən çox "İlin Oyunu 2004" adlarını qazanmışdır. 2012-ci ildə Half-Life 2, on ilin ən yaxşı oyunu olaraq Spike VGA 10 (Spike Video Game Awards) mükafatına layiq görülmüşdür.
İnkişaf altı il davam etdi, bu müddət ərzində oyunun mənbə kodu hətta oğurlanaraq internetdə yerləşdirilib. Oyun geliştiricilərin əsas texnoloji nailiyyətləri, oyunçuların təəccüblü bir xarakter animasiyası, rəqiblərin inkişaf etmiş süni intellekti, real fizika və kölgə salma təmin edən Source oyun mühərriki hesab edilə bilər. Havok Physics fizika mühərrikinin dəyişdirilmiş bir versiyasının istifadəsi ilə xarici aləmlə oyunçuların görünməmiş bir səviyyədə qarşılıqlı əlaqəsi əldə edildi. Bu günə qədər Steam servisi vasitəsi ilə satışlar da daxil olmaqla oyunun 12 milyondan çox nüsxəsi satılıb.