Gerhart Hauptman
Gerhart Haurtman (alm. Gerhart Hauptmann, 15 noyabr 1862[…] – 6 iyun 1946[…]) — naturalist məktəbi təmsilçisi olan alman dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1912).
Alman dramaturqu və romançısı Gerhart Hauptman indi Polşa ərazisi sayılan Sileziyada, varlı otel sahibi ailəsində doğulmuşdu. Təhsilini kənd məktəbində və Breslau (indiki Vroslav) gimnaziyasında almışdı. Oxumağa çox səthi və barmaqarası yanaşdığından 15 yaşında fermer olmaq üçün əmisinin yanına göndərilmişdi. Burada bir il qalsa da, əsl həyat məktəbi görmüşdü. "Mən kim olduğumu orada anladım, müstəqillik, qətiyyət kimi keyfiyyətlərə yiyələndim, hadisələrə öz baxışımı tapdım" -deyə yazıçı sonralar "fermerlik həyatını" minnətdarlıqla xatırlamışdı.
Hauptman daha sonra Breslau İncəsənət Akademiyasının heykəltəraşlıq bölümünə daxil olmuşdu. İtaliyada təhsilini davam etdirdiyi illərdə antik sənət və poeziya ilə yaxından maraqlanmış, Prometey haqqındakı əsatirin motivləri əsasında ilk epik-romantik poemasını yazmışdı. 1885-ci ildə özündən yaşlı, lakin zəngin qadınla evlənərək Berlin yaxınlığındakı Erkner qəsəbəsinə köçmüşdü.