Kormoran və Sidney HMAS kreyserləri arasında dəniz döyüşü
II Dünya müharibəsinin döyüş arealı yalnız Avrasiya, Amerika və Afrikanı deyil, Yer kürəsinin insan yaşayışı olan hər bir yerini, o cümlədən gözdən iraq düşmüş uzaq Avstraliyanı da əhatə etmişdi. Belə ki, 19 noyabr 1941-ci ildə Qərbi Avstraliya sahillərində Almaniya Donanmasının yardımçı Kormoran kreyseri ilə Avstraliya Kral Donanmasının Sidney HMAS adlı yüngül kreyseri arasında təkbətək döyüş baş vermişdir. 399 nəfərlik şəxsi heyəti olan alman gəmisinə Teodor Detmers, 645 nəfərlik avstraliyalı heyətə Cozef Barnett komandanlıq edirdi. Döyüş yarım saat qarşılıqlı atışma şəklində davam edərək, hər iki gəminin batırılmasıyla nəticələndi. Döyüş ev sahibi Avstraliyaya yaxın ərazidə baş verdiyindən almanlar psixoloji üstünlük qazanmışdı. Çünki Almaniya 82 nəfər itki verməklə uzaq sahillərdə müttəfiqlər tərəfində vuruşan Avstraliyanın çoxnəfərlik gəmisini batırmışdı. Xilasedici gəmilərin bir neçəsi ticarət gəmiləri tərəfindən xilas olmuş, ikisi isə Avstraliyanın Karnarvon limanına yan almışdı. Beləliklə, almanların 399 nəfərlik heyətindən 317 nəfər sağ qalmışdı.
Sidney kreyserindən isə heç bir xəbər-ətər yox idi. Sonra məlum oldu ki, avstraliyalı şəxsi heyətdən bir nəfər də olsun, salamat qalmayıb.