Nargin adası həbs düşərgəsi
Nargin adasında türk məhkumları üçün düşərgə (rus. Лагерь для турецких военнопленных на острове Нарген) — Rusiya imperiyasının Nargin adasında (indiki Böyük Zirə) qurduğu həbs düşərgəsi.
1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiya ilə döyüşən türk ordusunun əsir alınan əsgər və zabitləri olduqca ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparmalı oldular. Əsir alınanları Rusiyanın müxtəlif həbs düşərgələrinə aparmaqla yanaşı, mülki türk vətəndaşlarını Bakının müsəlman əhalisinin gözü qarşısında nümayişkaranə şəkildə Xəzər dənizindəki Nargin adası (indiki Böyük Zirə) adasına daşıyırdılar. Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdəhan bölgələrində yaşayan mülki əhali də yerləşdirildi. Onların arasında qocalar, qadın və uşaqlar da vardı. Hərbi düşərgədə almanlardan, avstriyalılardan, bolqarlardan olan çeşidli millətlərin nümayəndələri ilə yanaşı, 10 minə yaxın türk vətəndaşı da öz talelərini yaşayırdı. İçərilərində qoca, qadın, uşaq olan türk əsirlərinin şəhər əhalisinin gözü qarşısında keçidini təşkil edən çar Rusiyası çinovniklərinin hərəkətləri milli düşüncəli ziyalıların, ruhanilərin, sahibkarların çox ciddi narazılığına səbəb olurdu.
Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ən vacib məramlarından biri də Nargin adasında məhkumluq həyatı yaşayan türk əsgər və zabitlərini qaçırıb, onları müxtəlif bölgələrdə təhlükəsiz şəraitdə yerləşdirməkdən ibarət idi. Nargin adasından qaçırılan əsirlərin bir çoxu Osmanlı ordusunda mühüm hərbi işləri həyata keçirdiklərindən, onların döyüş təcrübəsindən yararlanmaq, erməni-rus birləşmələrinə qarşı müqavimət təşkil etmək də planlara daxil idi.