is. [
ər. ]
1. Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu. Vətən həsrəti. Övlad həsrəti.
– [Fitnə:] El qızıyam mən, Bəxtiyar; Ürəyimdə həsrətim var. A.Şaiq.
Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. M.İbrahimov.
// Ələ keçməyən və ya əldən çıxmış bir şeyə təəssüflənərək çox acıma, mənəvi iztirab keçirmə.
Mayanın kədəri və göz yaşlarında sanki Zeynəbin öz gəncliyinin həsrətləri dilə gəlib danışırdı. M.İbrahimov.
□ Həsrət qalmaq – istədiyinə çatmamaq, arzu etdiyi bir şeyi ələ keçirə bilməmək, arzusu ürəyində qalmaq.
Ömrüm ah-vayınan keçdi dünyada; Həsrət qaldım, əlim yara yetmədi. Aşıq Ələsgər.
[Padşah oğluna:] Məgər Allaha rəvadırmı, mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalım? Çəmənzəminli.
[Qönçə] Ataşın üzünə həsrət qalmaq qorxusu ilə titrədi. Ə.Vəliyev.
Həsrət qoymaq – arzusuna, istəyinə çatmağa, arzusu həyata keçməyə qoymamaq. Xan Əsliyə həsrət qoydun Kərəmi. “Əsli və Kərəm”.
Həsrət(ini) çəkmək – çox arzusunda olduğu, lakin əldə edə bilmədiyi bir şeyin üzüntüsünü çəkmək; son dərəcə arzulamaq. Doğma yerlərin həsrətini çəkmək.
– Aylar, illər həsrətini çəkərdim; Şükür, yetdim vüsalına, sevdiyim! M.V. Vidadi . [
C. Cabbarlı ] üçün, onu bir dəfə görmək üçün hamı həsrət çəkirdi. S.Rəhman. Həsrətində olmaq – bax
həsrətini çəkmək.
[Əsəd] sanki ömrü boyu həsrətində olduğu böyük bir arzusuna çatmışdı. B.Bayramov.
2. Yaxın adamından, sevgilisindən ayrılma; ayrılıq, fəraq, hicran.
Vaxt yetişdi, anası … rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun.
Hicran çəkən bilir həsrət yamandır. R.Rza.
3. Həsrətlə şəklində
zərf – şiddətli arzu ilə, həsrət ifadə edən nəzərlərlə. Həsrətlə oğluna baxmaq.
– [İncə səs:] Vəhşi bir gül olsam, ətrafım tikan; Həsrətlə süzərdi hər görən məni. H.Cavid.
Meydanın başında bir ağ bina var; Qız hərdən çevrilib həsrətlə baxır; Kitablı-dəftərli gedən uşaqlar; Ordan gülər çıxır, ordan şən çıxır. N.Xəzri.