İyli qərənfil
İyli qərənfil (lat. Dianthus fragrans) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Hündürlüyü (6) 20-35 (43) sm, gövdəsi kökümsovundan çoxsaylıdır, düz və ya buğumlu az əyilib qalxan, aşağı hissədə kələ-kötür və ya çılpaq, nadir halda budaqlanan çoxillik yaşıl ot bitkisidir. Yarpaqları qısadır, gövdə yarpaqları buğumarasından qısadır, dar xətvaridir, eni 1,5 mm-dir, sivriləşmişdir, kənarları kələ-kötürdür. Çiçəkləri gövdə və budaqların uc hissəsində adətən təkdir. Çiçəkaltlığı pulcuqları (2) 3-4 cütdür, qalın dərili, ağımtıl, uzunsovəksinəyumurtaşəkilli və ya uzanmış-elliptikdir, yuxarıya doğru daralmış və ya küt qısa və ya daha uzun sivri ucludur. Ləçəklərin ayası ağ bəzən çəhrayıtəhər, uzunluğu 8-12 mm, enli əksinəyumurtaşəkillidir, bayır kənarı saçaqlı olub, ayanın uzunluğunun 1/3 hissəsinə çatan xətvari dişlidir. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.
BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ şimal (Hacıkənd.) yuxarı meşə qurşağından subalp qurşağına qədər.
Quru gilli yamaclarda və qayalarda, otlu yamaclarda, subalp düzənliyində rast gəlinir.