Govurqala (Kəngərli)
Govurqala — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun eyniadlı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid şəhər yeridir.
Şəhər-qala e.ə III-II minillikləri əhatə edən dövrlərə aiddir, Naxçıvan şəhərindən 35 km şimal-qərbdə, Araz çayının sol sahilində Şahtaxtı kəndi yaxınlığında. Azərbaycan hökuməti tərəfindən dövlət əhəmiyyətli arxeoloji ərazilər siyahısına daxil edilmişdir. Abidənin sahəsi təqribən 2 hektardır.
Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilməkdədir. 1936 və 1979-1990-cı illərdə abidədə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş mədəni təbədə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3-4,5 metr qalınlığındadır.
İri daşlardan tikilmiş möhtəşəm qala divarının və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Qala divarının eni 2,2 – 2,6 metr, dövrümüzə çatan hündürlüyü 1,2 – 2,45 metrdir. Qala divarlarının inşa edildiyi dövrdə Şahtaxtı qala-şəhər tipli yaşayış yerinə çevirilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və sair peşələr yüksək inkişaf etmişdir.