Kioto protokolu
Kioto protokolu (yaponca: 京都議定書, Hepbörn: Kyōto Giteisho) qlobal istiləşmə və iqlim dəyişiqliyi mövzüsünda mübarizə aparmağa yönəlik beynəlxalq protokol. Müqavilə, 1992-ci il BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasını (UN FCCC) genişləndirən beynəlxalq müqavilə idi və iştirakçı dövlətlər qlobal istiləşmənin baş verdiyi və insan tərəfindən törədilən CO2 emissiyalarının buna təkan verdiyinə dair elmi konsensusa əsaslanaraq, istixana qazları emissiyalarını azaltmağı öhdəsinə götürmüşdür. Kioto protokolu 11 dekabr 1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. 2020-ci ildə Protokola 192 tərəf (Kanada 2012-ci ilin dekabrından qüvvəyə minmiş protokoldan çıxdı) qoşulmuşdu.
Kioto protokolu UNFCCC-nin atmosferdə istixana qazlarının konsentrasiyalarını “iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyəyə” endirməklə qlobal istiləşmənin başlanğıcda azaltmaq məqsədini reallaşdırdı. Kioto protokolu Əlavə A-da sadalanan yeddi istixana qazına: karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), hidroftorkarbonlar (HFCs), perfluorokarbonlar (PFC), kükürd heksaflorid (SF6), azot trifluorid (NF3) tətbiq edilib. Doha raundu zamanı ikinci uyğunluq dövrü üçün azot trifluorid da əlavə edilib.
Protokol ümumi, lakin fərqli öhdəliklər prinsipinə əsaslanırdı. O, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf sayəsində iqlim dəyişikliyi ilə mübarizədə müxtəlif imkanlara malik olduğunu qəbul edir və buna görə də atmosferdəki istixana qazlarının hazırkı səviyyələrinə cavabdeh olduqlarını əsas götürərək, cari emissiyaları azaltmaq öhdəliyini inkişaf etmiş ölkələrin üzərinə qoyurdu.
Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayaraq, 2012-ci ildə sona çatıb.