1. Ağacın yerdən iri budaqlarına qədər olan hissəsi; oduncaq. Ağacın kötüyünü kəsmək.
– [Piri-fani:] O zaman bu qurumuş ağac kötüyü göyərər…
O gözəlin adını mənim nəzərlərimdə; Qurumuş bir ağacın kötüyünə yazdılar.
Sinəmdə ürəyim buz bağlayıbdır; Budağı budanmış kötük olmuşam.
2. Ağacın qalın yerindən, oduncağından kəsilən bir hissə. Kötüyün üstündə odun doğramaq. Ət kötüyü (üstündə ət doğramaq, kəsmək üçün kötük).
– Ocağa böyük kötüklər qoyub yandırdılar.
Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı.
3. Bir şey işləndikdən sonra qalıb atılan hissəsi. Siqaret kötüyü.
– Yalnız indi başını dik qaldıran Xəlil onun ardınca baxdı, papirosunun kötüyünü yerə çırpıb ayağı altında tapdaladı.
// Qəbz və s. kəsildikdən sonra dəftərçədə qalan hissəsi. Qəbzin kötüyü. Bloknotun kötüyü.
// Kitabın, dəftərin tikilmiş olduğu yer.
4. məc. Yaşlı adam, yaşca ən böyük, qoca, ixtiyar mənasında. Evin kötüyü. Baba nəslin kötüyüdür.
5. Kök, rişə. Ağacın kötüyünü çıxarmaq. Kolun kötüklərini qırmaq.
– [Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu.
□ Kötük diş – sınmış, çürümüş dişin ətin içərisində qalan hissəsi.
// məc. Əsas, bünövrə, kök.
Etiqad əsl kötükdür, hər əməl şaxəvü bər.
6. sif. mənasında. Kök, şişman, qalın. Kötük əl. Kötük adam.