Müqəddəs İohann
Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان Yuhanna Al-Ma'madan,
arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes) - səyyar vaiz, Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik və Mandayizmdə əsas dini obrazlarından biridir.
İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər. Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər, bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir. Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur.
Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi və İsa özü onun yanına gəlmişdi. İsa haqqında müjdələr verdiyinə görə, xristianlar iohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər.