1. Yumru şəkildə sarınmış sap, iplik, məftil və s.; yumaq. Yumşaq sap kələfi. İp kələfi. Kələf sarımaq. – [Üçüncü qız:] Qarı nənə, yunu əyirdim.
Kələfi yumaqlayıb qurtardım.
2. məc. Dolaşıq şey haqqında.
[Fərhad] fikirləşdikcə fikri uzandı və düyün düşmüş fikir kələfi açılmağa başladı.
Diksinib qaçıram; qafiyələrin dolaşıq kələfindən.
◊ Kələf dolaşmaq – çıxılmaz, çətin, dolaşıq vəziyyət yaranmaq.
[Süleyman:] …Kələf yaman dolaşdı.
[Camal:] Nə xəbər verəydim, kələf elə dolaşıb ki…
Kələf kimi (təki) – dolaşıq, pırtlaşmış, qarışıq.
Kələfi dolaşdırmaq – bir şeyi qarışdırmaq, dolaşdırmaq, daha çətin vəziyyətə salmaq.
Göründüyü kimi, bütün kələfi dolaşdıran ovurtdaq hesabdar cənabı idi.
Kələfi qarışmaq – vəziyyəti xarablaşmaq, ağırlaşmaq, əhvalı daha da pozulmaq.
O, dörd gün belə bir qızdırma içində yatdı, beşinci gecəsi onun kələfi qarışdı, səhərə yaxın keçindi.
Kələfin ucu açılmaq – bir işin səbəbi müəyyənləşmək, izi, kökü tapılmaq, məlum olmaq.
Kələfin ucunu itirmək – pis vəziyyətə düşmək, hadisələrdən baş açmamaq, nə edəcəyini bilməmək, dolaşıb qalmaq.
Kələfin ucunu tapmaq (ələ keçirmək) – bir işin izinə düşüb kökünü, səbəbini tapmaq, müəyyənləşdirmək.
[Sərhəngə] elə gəldi ki, müxtəlif iplərin bir-birinə ilişdiyi nöqtə, kələfin ucu əlinə keçmişdir.
Pristav kələfin ucunu tapmaq üçün zəmi sahibi olan Camalı həbs eləyib, strajniklərin qabağına qatdı.
İpək kələfinə döndərmək – yumşaltmaq, xasiyyətini həlimləşdirmək, rəftarını yaxşılaşdırmaq.