Kəndli
Kəndli (ing. Peasant; rus. Крестьянин) — kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi.
Kəndlinin əsas xüsusiyyətləri: torpaq üzərində işləmək, bir kəndin və ya kənd həyatının bütün sahələrində ənənələrdə tənzimləyici rol oynamasıdır. Kəndli ilə fermer arasındakı fərq ondadır ki, kəndlinin istehsal etdiyi məhsulun çox hissəsini ailəsi istehlak edir.
== Məşğuliyyəti ==
Bütün dünyada, kəndlilərin məşğuliyyəti olduqca rəngarəngdir və təkcə əkinçilik və heyvandarlıq ilə məhdudlaşmır. Yuxarıda göstərilənlərlə yanaşı, bu cür fəaliyyətlərə: arıçılıq, bağçılıq, yağ hazırlama, üzümçülük, dulusçuluq, toxuculuq, dülgərlik və xarratlıq, tara və qab düzəltmə, dəmirçilik və s aiddir.
== Azərbaycanda kəndlilər ==
Əvvəlki dövrlərdə və o cümlədən də, XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Bu dövrdə vergi verən kəndlilər (rəiyyət) — əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər:
Hampa — İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi.
Əkər (rəncbər) — Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və
məşğuliyyəti olmayan yoxsul kəndlilər idi.